Azərbaycan Dillər Universitetində (ADU) Çinin tarixi İpək Yolunun dirçəldilməsi layihəsində rolunu araşdıran “Çinin qlobal baxışı: Bir kəmər, bir yol təşəbbüsü” sənədli filminin nümayişi keçirilib.

Bu barədə ADU-nun nəzdində Konfutsi İnstitutundan məlumat verilib.

İnstitutun direktoru Rafiq Abbasov Azərbaycanın Çinin Avrasiya nəqliyyat və iqtisadi dəhlizlərinin yaradılması üzrə “Bir kəmər, bir yol” təşəbbüsündə, eləcə də İpək Yolu boyunca yerləşən ölkələr arasında humanitar əlaqələrin, siyasi ünsiyyətin və mədəniyyətlərarası dialoqun genişləndirilməsində fəal iştirakından danışıb.

Çinin Azərbaycandakı səfiri xanım Lu Mei “Bir kəmər, bir yol” layihəsinin qarşılıqlı inkişaf simvoluna çevrildiyini vurğulayıb və xüsusilə Şərq ilə Qərb arasında nəqliyyat və logistika marşrutlarının inkişafında Azərbaycanın əsas rolunu qeyd edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev qeyd edib ki, son illərdə iki ölkə liderlərinin təşəbbüsləri sayəsində Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. O, həmçinin vurğulayıb ki, son 20 ildə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Abşeron Logistika Terminalı kimi layihələr Azərbaycanın beynəlxalq tranzit əməliyyatlarında rolunu əhəmiyyətli dərəcədə gücləndirib.

Filmin müəllifi, televiziya jurnalisti Anastasiya Lavrina layihənin yaradılması prosesindən danışıb. Vurğulayıb ki, filmin əsas ideyası Çinin qlobal iqtisadiyyatdakı strateji əhəmiyyətini ortaya qoymaq və Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji mərkəzi kimi Azərbaycanın əsas rolunu vurğulamaqdır.