Noyabrın 9-da Göyçay şəhərində ənənəvi Nar festivalı keçirilib. Bu il 16-cı dəfə baş tutan festival yerli sakinləri, qonaqları, dövlət və hökumət nümayəndələrini, Milli Məclisin deputatlarını, eləcə də yerli və xarici iş adamlarını Göyçayda bir araya gətirib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, rayon mədəniyyət müəssisələrinin də iştirakı ilə gerçəkləşən festivalda narla bağlı müxtəlif yarış və müsabiqələr, xalq sənətkarlığının nümayişi və bölgəyə məxsus mədəniyyət nümunələri tamaşaçıların böyük marağına səbəb olub.
Musiqi sədaları altında qonaqları qarşılayan təşkilatçılar yerli müəssisələrdə istehsal olunan təbii nar şirələrini və nar məhsullarını təqdim ediblər.
Bayramın rəmzi olan "Nar şahzadəsi" mərasim meydanına daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıb.
Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgiləri ilə tanış olublar. Həmçinin kitab sərgisi, xalq sənəti nümunələrinin nümayişi, əl işləri və qədim sənət növləri böyük maraqla izlənilib.
Şəhər küçələrində bərəkət, mədəniyyət və şənlik havası hökm sürüb. Folklor ansambllarının, xor kollektivlərinin, rəqs və musiqi qruplarının çıxışları bayrama xüsusi rəng qatıb.
Qonaqlar festival süfrəsində nar şirəsi, nar şərabı, nardançadan hazırlanan şirniyyatlar, eləcə də təndir çörəyi, pendir, yuxa, kətə, kabab, döşəməli plov və milli şirniyyatların dadına baxıblar. Hər guşə Azərbaycanın qədim mətbəx mədəniyyətini, xalqın qonaqpərvərliyini və zəhmətinin bəhrəsini nümayiş etdirib.
Nara həsr olunmuş şeirlər, mahnılar və rəqslər səsləndirilib, bədii özfəaliyyət kollektivlərinin, musiqi məktəbi şagirdlərinin, idmançıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Göyçayın mədəni həyatını əks etdirən səhnəciklər və əyləncəli proqramlar da nümayiş olunub.
Festival axşam saatlarında konsert proqramı ilə davam edib.
2006-cı ildən etibarən təşkil olunan Nar festivalı ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir.
Xatırladaq ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ildə UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.























