Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi başa çatıb.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin beşinci ildönümünə həsr olunan müsabiqə milli dramaturgiya sahəsində yeni bədii əsərlərin yaranmasını təşviq etmək məqsədi daşıyır. 

Müsabiqənin şərtlərinə görə, əsərlərdə 2020-ci ilin Vətən müharibəsi ilə yanaşı, 2023-cü ilin 19-20 sentyabrında Qarabağ bölgəsində həyata keçirilən və Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam bərpası ilə nəticələnən antiterror əməliyyatı, qəhrəmanlıq nümunələri və xalqımızın şanlı Zəfəri əks etdirilməli idi.

Təqdim olunan əsərlər Mədəniyyət Nazirliyinin əmri ilə yaradılmış komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub.

Birinci yerə “Killigil əfsanəsi” pyesinə görə Pərviz Seyidli (mükafat: 3000 manat), ikinci yerə “Aslan gözü” əsərinə görə Aytac Məmmədli (2500 manat), üçüncü yerə “Kimsəsiz” pyesinə görə Hikmət Orhun (1500 manat) layiq görülüblər.