Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə noyabrın 4-də Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Xarıbülbülün təntənəsi” adlı bədii qiraət müsabiqəsi keçirilib.

İttifaqın Mustafa Mərdanov səhnəsində reallaşan müsabiqədə paytaxt və region teatrlarının nümayəndələri Zəfər tariximizi əks etdirən bədii nümunələri təqdim ediblər. 

ATXİ-nin məsul katibi Aida Qafarova bildirib ki, müsabiqə həm peşəkar aktyorların, həm də gənc ifaçıların yaradıcılıq potensialını ortaya qoyub. Onun sözlərinə görə, təqdim olunan qiraət nümunələri yüksək professionallıq, duyğusal enerji və Vətən sevgisi ilə seçilirdi. Şanlı Zəfər mövzusu iştirakçıların ifasında yalnız söz kimi deyil, həm də içdən gələn bir hiss kimi səsləndi. Bu da müsabiqəyə xüsusi ruh, mənəvi dəyər qatıb.

Münsiflər heyətinin qərarına əsasən seçilən qaliblər diplom və pul mükafatı ilə təltif olunublar. Onların arasında həm müxtəlif teatrlarının tanınmış aktyorları, həm də gənc istedadlar yer alıb.

Mükafatlandırma mərasimində ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov müsabiqənin əhəmiyyətini bir daha vurğulayıb, qaliblərə və bütün iştirakçııara yeni uğurlar arzulayıb.