Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda incəsənət ustalarımızın konsert proqramı təqdim olunub.
Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi musiqi axşamı noyabrın 3-də, hazırda Antalyada davam edən Türkiyə Mədəniyyət Yolu Festivalı çərçivəsində, Antalya Dövlət Opera və Balet Teatrında keçirilib.
Konserti mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya şəhər rəhbərliyi, 40-dək ölkədən gəlmiş Azərbaycanın mədəniyyət elçiləri və Antalya ictimaiyyətinin nümayəndələri izləyiblər.
Musiqi və rəqs mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə Xalq artistləri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Murad Hüseynov, Nəzakət Teymurova, Teyyub Aslanov, Murad Adıgözəlzadə, Əlixan Səmədov, Əvəz Abdullayev, Əməkdar artistlər Elnarə Məmmədova, Ceyla Seyidova, Elvin Qəniyev və digər solistlər çıxış ediblər.
Azərbaycan və dünya bəstəkarlarının əsərləri, muğam və xalq mahnılarımız alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Rəqs Ansamblı və Əməkdar artist Eteri Cəfərovanın təqdim etdiyi bir-birindən maraqlı milli rəqs nümunələri də tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.
Sonda nazir Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və səfir Rəşad Məmmədov səhnəyə çıxaraq incəsənət ustalarımıza möhtəşəm konsert proqramına görə təbriklərini çatdırıblar.
Birgə xatirə fotoları çəkdirilib.
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu noyabrın 4-də tədbir və təqdimatlarla davam edir.




























