Tarixdəki olaylar

 

2 noyabr 1923 – Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti – respublikanın baş elmi müəssisəsi təsis olunub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 noyabr tarixli qərarı əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutuna çevrilib. Sonra institutun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunub.

 

2 noyabr 1993 – Prezident Heydər Əliyev televiziya ilə müraciətində xalqı Ermənistan ordusunun işğalçı hücumlarına qarşı birgə mübarizəyə çağırıb. Müraciətdən sonra minlərlə insan Milli Orduya səfərbər oldu. Dövlət başçısı cəbhə xəttinə gedərək hərbi əməliyyatların hazırlanmasına rəhbərlik etdi. Ermənistan ordusunun hücumlarının qarşısı alındı, dekabrda isə Azərbaycan qoşunları Füzuli rayonunun Arazboyu kəndləri istiqamətində əks-hücuma keçdi.

 

2 noyabr 1994 –  Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 – 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.

 

2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. Ədəbi yaradıcılıqla yanaşı ADPU-da pedaqoji fəaliyyət göstərib. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.

 

2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.

 

2 noyabr 1937 – Əməkdar artist, xanəndə Kifayət Gəncəli (Kifayət İslam qızı Məmmədova; 1937 – 22.9.2024) Gəncə şəhərində anadan olub.

 

2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

 

2 noyabr 1950 – İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 26.7.1856 – 1950) vəfat edib.

 

2 noyabr 1955 – Əməkdar artist Rafiq Əli oğlu İbrahimov (1955 – 13.9.2024) Bakıda anadan olub. Sumqayıt teatrında çalışıb, otuz ilə yaxın Bakı Bələdiyyə Teatrının aktyoru olub, filmlərdə çəkilib.

 

2 noyabr 1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884–1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Dram Teatrının aktyoru olub.

 

2 noyabr 1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çalışıb.

Hazırladı: Vüqar Orxan