Tarixdəki olaylar
30 oktyabr 1918 – I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) ilə Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb. Bakını tərk edən türk qoşunlarının yerinə şəhərə ingilis qüvvələri daxil oldu.
30 oktyabr 2017 – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılışı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt qəsəbəsi) keçirilən mərasimdə Azərbaycan və Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri iştirak etmişdilər. 850 kilometrlik yolun 504 kilometri Azərbaycan ərazisindən keçir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
30 oktyabr 1751 – İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan; 1751 – 7.7.1816) anadan olub.
30 oktyabr 1871 – Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery – Ambroise Paul Toussaint Jules Valery; 1871 – 20.7.1945) anadan olub.
30 oktyabr 1880 – Xalq artisti, ustad tarzən Qurban Baxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
30 oktyabr 1907 – Əməkdar mədəniyyət işçisi, jurnalist, tərcüməçi Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) Bakıda doğulub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
30 oktyabr 1928 – Tanınmış sənətşünas alim, akademik Rasim Səməd oğlu Əfəndiyev (1928 – 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 1992 – Əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov (13.4.1929 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
30 oktyabr 2005 – Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















