Respublika Uşaq Kitabxanasında Bakı şəhəri 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdlərinin iştirakı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın (1935–2021) anadan olmasının 90 illiyi münasibətilə “Söz dünyasının zirvəsində” adlı ədəbi-bədii tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, tədbir zamanı şagirdlər Fikrət Qocanın “İş belə düşdü”, “Yaxşı ki” və “Keçib gedəcək” kimi sevilən şeirlərini söyləyiblər. Şeirlərdə həyatla insanın vəhdəti, insanlıq və mənəviyyat mövzuları əksini tapıb.

Sonra şagirdlər arasında müzakirələr aparılıb, Fikrət Qocanın poeziyasında insan düşüncəsi, zaman və həyat fəlsəfəsi kimi mövzular geniş şəkildə təhlil olunub.

Tədbir iştirakçıları şairin 80 illik yubileyinə (2015-ci il) həsr olunmuş yaradıcılıq gecəsindən hazırlanmış videoçarxa da baxıblar. Videoçarxda Fikrət Qoca haqqında fikirlər səslənib və şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Tədbirin əsas məqsədi xalq şairi Fikrət Qocanın yaradıcılığını uşaqlara tanıtmaq, onlarda ədəbiyyata, poeziyaya maraq oyatmaq, həmçinin insanlıq, həyat və mənəviyyat kimi dəyərləri şeirlər vasitəsilə ötürməkdir.