Tarixdəki olaylar

 

29 oktyabr 1923 – Türkiyə Cümhuriyyətinin yarandığı elan edilib. Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Qazi Mustafa Kamal ölkənin ilk Prezidenti seçilib. 1925-ci ildə qəbul olunan xüsusi qanunla 29 Oktyabr Türkiyədə milli bayram – Cümhuriyyət Günü kimi qeyd edilir.  

 

29 oktyabr 1994 – BMT-nin Baş katibi Butros Butros Qali Prezident Heydər Əliyevin dəvəti ilə Bakıya gəlib. Bu, BMT rəhbərinin Azərbaycana ilk səfəri idi.

 

29 oktyabr 1994 – Azərbaycan Respublikası ilə Mavritaniya arasında diplomatik münasibətlər qurulub.

 

29 oktyabr 1996 – Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan məqbərənin layihə müəllifi Əməkdar memar Rasim Əliyev, heykəltaraşı Xalq rəssamı Ömər Eldarovdur.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

29 oktyabr 1933 – Türk satirik yazıçısı Müzəffər İzgü (1933 – 26.8.2017) anadan olub. 100-dən çox kitabı nəşr olunub, 200-dək yumoristik radiopyes yazıb.

 

29 oktyabr 1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı (1941 – 29.2.2020) Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

 

29 oktyabr 1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

 

29 oktyabr 2004 – Rəssam, kitab illüstratoru, animator Nazim Məmmədov (1934 –2004) vəfat edib.

Hazırladı: Vüqar Orxan