Azərbaycan-Almaniya birgə “Qarabağ düzənliyinin tədqiqi və arxeoloji qazıntılar” layihəsinin 2026-cı il çöl tədqiqatı mövsümü və arxeoloji yay məktəbi başlanıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutundan verilən məlumata görə, yay məktəbi Azərbaycan-Almaniya arxeoloji ekspedisiyasının Ağdam rayonu ərazisindəki Leylatəpə və Canavartəpə son Xalkolit dövrü qədim yaşayış məskənlərində aparılan tədqiqat çərçivəsində gerçəkləşir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Almaniya Arxeologiya İnstitutunun birgə təşkilatçılığı ilə fəaliyyət göstərən yay məktəbində Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti və Harvard Universitetinin tələbələri arxeoloji qazıntılarda praktik fəaliyyətə, tətbiqi təlimlərə, habelə arxeoloji metodologiya və nəzəriyyəyə həsr olunmuş dərslərə cəlb olunublar.
Arxeoloji yay məktəbi çərçivəsində iştirakçılar çöl tədqiqatı metodları və sənədləşdirmə qaydaları, arxeoloji tapıntıların qeydiyyatı və təsnifatı, GNSS texnologiyalarından istifadə, dron və rəqəmsal fotoaparatlarla fotoqrafik sənədləşdirmə, qazıntı sahələrinin üçölçülü (3D) modelləşdirilməsi, həmçinin arxeoloji plan və kəsiklərin hazırlanması üzrə praktiki bilik və bacarıqlar əldə edirlər.
Praktiki məşğələlərlə yanaşı, proqram çərçivəsində Azərbaycan, Almaniya, Polşa və Böyük Britaniyadan olan mütəxəssislərin iştirakı ilə silsilə elmi mühazirələr təşkil olunur. Bu mühazirələr tələbələrin arxeoloji çöl tədqiqatlarının metodologiyası, sənədləşdirmə standartları və müasir arxeoloji tədqiqat yanaşmaları haqqında nəzəri biliklərinin dərinləşdirilməsinə xidmət edir.























