Tarixdəki olaylar

 

13 iyul 1971 – Türkiyədə Mədəniyyət Nazirliyi təşkil edilib. Həmin vaxtadək ölkədə mədəniyyət sahəsinin idarə olunması Milli Təhsil Nazirliyinə bağlı olub. Müvafiq qurumun bazasında yeni nazirlik yaradılıb. Sonrakı dövrdə mədəniyyət və təhsil (1977), mədəniyyət və turizm (1982) sahələri üzrə nazirliklər qurulub, 1989-cu ildən yenidən ayrıca Mədəniyyət Nazirliyi yaradılıb. 2003-cü ildə təkrar turizm sahəsini də əhatə etməklə Mədəniyyət və Turizm Nazirliyinə çevrilib.

 

13 iyul 2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak ediblər. İnşası 2002-ci ildə başlanan kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 milyon bareldir.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner; 1841 – 11.4.1918) anadan olub.

 

13 iyul 1889 – Maarif və mədəniyyət xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 – 10.5.1960) Şuşada anadan olub.

 

13 iyul 1910 – Yazıçı-dramaturq, tərcüməçi Nağı Kərim oğlu Nağıyev (1910–1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.

 

13 iyul 1923 – SSRİ Xalq artisti Mixail İvanoviç Puqovkin (1923 – 25.7.2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.

 

13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926 – 13.12.2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.  20-dək ölkədə sərgisi keçirilib.

 

13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

 

13 iyul 1946 – Bəstəkar Eldar Səid oğlu Rüstəmov (1946–2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb. 

 

13 iyul 1980 – Əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyev (30.3.1908 – 1980) vəfat edib.

 

13 iyul 2014 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (5.5.1922 – 2014) vəfat edib. 1939-cu ildən Gəncə Dövlət Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü” və s. filmlərdə çəkilib.

 

Hazırladı: Vüqar Orxan