Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.
AKİ-dən bildirilib ki, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
İclasın yekununda bir sıra qərarlar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya (sədr müavini) həvalə edilməsi qərara alınıb. İclasda AKİ konfransının keçirilməsi məsələsi də müzakirə olunub.
Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrın 11-də keçiriləcək.
Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.
İclasda Əli İsa Cabarovun AKİ İdarə Heyətinin üzvü və icraçı katib vəzifələrindən istefası ilə bağlı ərizələrinə baxılıb və ərizələr İdarə Heyəti tərəfindən qəbul edilib.
İclasda Şəfiqə Məmmədovanın AKİ sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub. İdarə heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.
***
Qeyd edək ki, AKİ-nin sədri Xalq artisti Rasim Balayevin vəfatından (29 mart 2026-ci il) sonra təşkilata rəhbərlik məsələsi ilə bağlı idarə heyətində (AKİ-nin saytında yer alan məlumata görə, idarə heyətinin 36 üzvü var) və ümumilikdə kino ictimaiyyətində fikir ayrılığı yaranıb. Bu səbəbdən yeni sədrin seçilməsi üçün AKİ konfransının keçirilməsi də indiyədək mümkün olmayıb.



















