AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Raqub Kərimovun yeni əlavələr, düzəlişlər və geniş ön sözlə tərtib etdiyi “Qasım bəy Zakir. Əsərləri” kitabı işıq üzü görüb.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğludur.

Kitabda Azərbaycan ədəbiyyatında maarifçi realist satiranın banisi, görkəmli şair Qasım bəy Zakirin (1784–1857) indiyə qədər nəşr olunmuş əsərlərində yol verilmiş qüsurlar aradan qaldırılıb, axtarışlar nəticəsində əldə edilmiş müxtəlif janrlarda yazdığı 29 yeni şeiri külliyyatına əlavə edilib. Şairin əsərlərinin 1964-cü il nəşrinin “Əlavələr” bölməsində şübhəli şeirlər sırasında verilmiş “Hacı Böyük bəyə” adlı müxəmməsin Zakirə mənsub olması faktlarla sübuta yetirilib, “Olumü” rədifli müxəmməs, “Üsrünə”, “Gəlmədi”, “Oldu” rədifli qoşmaların isə şəkili şair Molla Qasım Zakirə aid olması faktı təsdiqini tapdığı üçün Zakirin əsərləri sırasından çıxarılıb.

Yeni nəşri bu gün üçün Qasım bəy Zakir irsinin tam külliyyatı hesab etmək olar.