Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotosərgi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib.
Dövlət Komitəsindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış ediblər.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı Qələbədən, Cəbrayılın işğaldan azad edilməsi uğrunda mübarizədə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, şanlı Zəfərin davamı olaraq bu ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və uğurla həyata keçirilən Böyük Qayıdış proqramından söhbət açılıb. Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğma yurda geri dönüşün sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib.
Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman əsərləri sərgilənən peşəkar və həvəskar fotoqrafların Böyük Qayıdışı uğurla işıqlandırdıqlarını, fotosalnamənin yaradılmasına töhfə verdiklərini qeyd ediblər.
Sonra Dövlət Komitəsinin hazırladığı "Bura mənim evimdir" filmi nümayiş olunub.
Film ABŞ-ın Nyu-Cersi ştatında dünyaya gəlsə də, qəlbi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurda gəlişini əks etdirir. Ekran əsəri 2023-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art Film Festivalının mükafatına layiq görülüb.
























