Mənsum İbrahimovun 65 illiyi münasibətilə

Muğam Azərbaycanın səsi, xalqımızın ruhu, tariximizin dilidir. Bu səs təkcə musiqi deyil, bir millətin yaddaşı, ilahi ilə ünsiyyətidir. Bu səsin daşıyıcıları, yaşadanları isə zamanın övladları deyil, zamanın özüdür. Belə sənətkarlardan biri də Mənsum İbrahimovdur.

1960-cı ilin oktyabr ayında Azərbaycanın zəngin mədəni irsə malik bölgələrindən  olan Ağdam rayonunun İmamqulubəyli kəndində dünyaya göz açan Mənsum İbrahimovun gələcək sənət yolu elə ilk illərdən musiqiyə bağlılıqla formalaşmağa başlayır. Uşaq yaşlarından muğam sənətinə göstərdiyi dərin maraq və duyarlılıq onun estetik zövqünü formalaşdırır, tarın, kamançanın ahəngi ilə yoğurulan bu zəngin mənəvi mühit onu milli musiqi irsinə doğru aparan yolun yolçusuna çevirir. Bu sevgi onu 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsinə gətirir. 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirir. Onun peşəkar sənət yolundakı ilk mühüm uğuru isə 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülməsi ilə başlayır. Unudulmaz sənətkarımız Şövkət Ələkbərovanın tövsiyəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunması isə onun sənət taleyində dönüş nöqtəsi olur.

1993-cü ildən bu günə qədər o, səhnədə Məcnun obrazını canlandırmaqla “Leyli və Məcnun” operasına yeni nəfəs, yeni bir ruh gətirdi. Lakin o, təkcə Məcnun deyildi – “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı oldu. Hər bir rolu ilə tamaşaçını yalnız səhnəyə yox, həm də zamanın dərinliklərinə apardı.

1995-ci ildən bəri tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovla birlikdə yaratdığı “Qarabağ” muğam qrupu ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan muğamını ləyaqətlə təmsil edir.

Beynəlxalq muğam festivalları və müsabiqələr təkcə sənəti deyil, eyni zamanda Azərbaycan mədəniyyətini dünyaya tanıdır. Mənsum İbrahimov bu sənət yarışmalarında, xüsusən də Heydər Əliyev Fondunun təşkil etdiyi muğam müsabiqələrində daim münsif heyətində yer alır, bölgələrdən gələn istedadlı gənclərin sənətə qazandırılmasında mühüm xidmətlər göstərir.

Mənsum İbrahimov yalnız səhnədə deyil, pedaqoji fəaliyyətində də nümunə göstərən sənətkardır. Azərbaycan Milli Konservatoriyası və onun nəzdindəki Musiqi kollecində uzun illər müəllim kimi çalışaraq onlarla tələbə yetişdirib. Bu gün ölkənin müxtəlif səhnələrində çıxış edən gənc xanəndələr arasında onun da çoxlu yetirmələri var.

Mənsum İbrahimovun aldığı təltiflər onun sənətə xidmətinin təntənəsidir. Əməkdar artist (1998), Xalq artisti (2005) fəxri adları, “Şöhrət” ordeni (2010), “Şərəf” ordeni (2020), müxtəlif illərdə layiq görüldüyü Prezident mükafatları – bunlar yalnız dövlətin sənətkara verdiyi qiymət deyil, həm də xalqımızın ona olan təşəkkürüdür. Onun həyat və yaradıcılığına həsr olunan “Mənsumun səsi” və “Qürurun təntənəsi” sənədli filmləri AzTV tərəfindən ekranlaşdırılıb. Bu filmlər həm sənətkarın özünü tanıtmaq, həm də yeni nəsillərə milli musiqi ənənəsini aşılamaq üçün vacib irsdir.

***

2025-ci il Azərbaycan mədəniyyətinin parlaq siması, muğamın səhnə fədaisi Mənsum İbrahimovun 65 illik yubileyi və səhnə fəaliyyətinin 40 illiyi ilə əlamətdardır. Bu münasibətilə bir sıra silsilə tədbirlər təşkil olundu. Sənət bayramı qədim diyarımız Naxçıvanda da öz əksini tapdı.

Yubiley gecəsi (8 oktyabr) Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə Heydər Əliyev Sarayında yüksək səviyyədə keçirildi. Bu, sadəcə bir yubiley tədbiri deyildi – bu, xalqın öz sənətkarına sevgisini, ehtiramını göstərdiyi səmimi və duyğusal bir görüş idi. Tamaşaçılar təkcə muğam eşitmədilər, sənət fədakarlığının təntənəsinə şahidlik etdilər.

Tədbirin aparıcısı – bu sətirlərin müəllifi giriş sözündə Mənsum İbrahimovun həyat və yaradıcılığı barədə tamaşaçılara müfəssəl məlumat verdi. Sonra sənətkarın ömür yolu haqqında videoçarx nümayiş olundu.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yubilyara təbrik sözlərin dedi və universitetin Elmi şurasının qərarı ilə Mənsum müəllimə “Fəxri professor” diplomunu təqdim etdi.

AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və qocaman tarzən, ustad sənətkar Əkrəm Məmmədli də yubilyara Naxçıvan ziyalıları adından təbrik və ürək sözlərini çatdırdılar.

Gecənin ən yaddaqalan məqamlarından biri isə Mənsum İbrahimovun səhnəni öz yetirmələri ilə bölüşdüyü anlar oldu. Bu, sadəcə bir musiqi ifası deyildi – bu, müəllim və tələbə münasibətinin, ustadla şagirdin könül bağının, sənət davamçılığı ənənəsinin səhnədə canlı təqdimatı idi. Ustad sənətkarın ömrünü həsr etdiyi muğam məktəbi bu səhnədə sanki öz bəhrəsini verdi.

Yubiley axşamında Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, gözəl səsli xanəndələr Güllü Muradova və Sona Fərəcova səhnəyə çıxdılar. Hər biri ifa etdiyi muğam və xalq mahnıları ilə sənətkara dərin hörmətini ifadə etdi.

***

Mənsum İbrahimov deyir: “Sənətkar səhnədə tamaşaçının gözü qarşısında yaşlanmalıdır”.

O bu gün də səhnədədir. Səsi ilə yaşadır, nəfəsi ilə ruhlara toxunur, qəlbləri titrədir. Onun ifasında səslənən hər muğam, hər melodiya, hər səda bir tarix danışır, bir millətin ruhunu yaşadır.

Əziz Mənsum müəllim, arzumuz budur ki, ruhumuzu dinləndirən, könlümüzə yol tapan səsiniz hələ uzun illər səhnələrimizi bəzəsin. Gün gəlsin, 100 illik yubileyinizdə də sizinlə birlikdə yenə musiqi içində olaq.

Yubileyiniz mübarək, Azərbaycanın muğam Məcnunu!

Günay Məmmədova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü