Respublika Gənclər Kitabxanasında görkəmli musiqi tədqiqatçı-alim, publisist və pedaqoq, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin (1925–1997) 100 illiyi münasibətilə videomaterial və məlumat bülleteni hazırlanıb.

Kitabxanadan bildirilib ki, “Qarabağın görkəmli siması Firidun Şuşinski” adlı videomaterialda alimin həyat və yaradıcılığı əhatəli şəkildə təqdim olunub.

Materialda onun xalq musiqisinin qorunması və təbliği sahəsindəki fəaliyyəti, xüsusilə muğam sənətinin tədqiqi istiqamətində apardığı mühüm işlərdən bəhs edilib. Firidun Şuşinskinin Qarabağ musiqi mühitinin öyrənilməsinə verdiyi töhfələr, tanınmış xanəndələr, ifaçılar və bəstəkarlarla bağlı tədqiqat əsərləri xüsusi vurğulanıb. Həmçinin alim haqqında çap olunmuş kitablar, onun müəllifi olduğu nəşrlər təqdim edilir. Bu əsərlərdə Firidun Şuşinskinin Azərbaycan musiqi irsinin toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsindəki xidmətləri diqqətə çatdırılır.

“Xalq musiqisinin böyük tədqiqatçısı Firidun Şuşinski -100” adlı məlumat bülletenində akademik Nizami Cəfərovun “Firidun Şuşinski haqqında ilk kitab” məqaləsi, Firidun Şuşinskinin müəllifi olduğu və onu haqqında qələmə alınan “Azərbaycan musiqi xəzinəsi”, “Sadıqcan”, “XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski”, “Musiqişünasın düşüncələri”, “Şuşa”, “Azərbaycan xalq musiqiçiləri” kimi kitabların biblioqrafik təsviri, dövrü mətbuat nümunələrinin siyahısı verilib.

Məlumat bülleteni kitabxananın rəsmi saytında yerləşdirilib.