Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası əməkdaşlarının hazırladığı dərslik və dərs vəsaitlərinin təqdimatı keçirilib.

Bu barədə ADU-dan məlumat verilib.

Kafedranın müdiri professor Gülnarə Sadıxova dərs vəsaitləri haqqında məlumat verib. Bildirilib ki, ADU-nun rektoru akademik Kamal Abdullanın diqqət və qayğısı nəticəsində ərsəyə gələn dərs vəsaiti və dərsliklər həm müəllimlər, həm də tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası öz fəaliyyətini strateji inkişaf planının əsas istiqamətləri üzrə təşkil edir. Bu baxımdan yeni dərsliklər, dərs vəsaitləri və fənn proqramlarının hazırlanması kafedranın strateji planında önəmli yer tutur.

Vurğulanıb ki, təqdim edilən I kurs, yeni başlayanlar üçün “Fransız dili” dərsliyi müasir metodlardan irəli gələn kommunikativ bacarıqların sürətli və keyfiyyətli tətbiqi prinsipinə əsaslanır.

ADU-nun rektoru akademik Kamal Abdulla görülən işin əhəmiyyətini yüksək qiymətləndirib.

Filologiya fakültəsi Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Vəfa Seyid, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Rəfiqə Mürşüdova, dosent əvəzi Aygün Məqami, baş müəllimlər Xatirə Qarazadə, Anar Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillərin tədrisi kafedrasının müəllimi Şəhanə Əsgərova, Bakı Dövlət Universitetinin Alman-fransız dilləri kafedrasının dosenti Xədicə Abdullayeva və professor Çəmən Babaxanova çıxış ediblər.

ADU tələbələri təqdim olunan dərs vəsaitləri və dərsliklərə görə rəhbərliyə, müəllimlərə təşəkkürlərini bildiriblər.