Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.
Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.
Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.
Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.
Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.
Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.
Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.
***
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.
Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.
Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir.
Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda, Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.
Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və bazilikanın nekropolundakı “Tullius Zetus” məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb.
Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib.
***
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağında ağacəkmə mərasimində iştirak ediblər.