18 oktyabr Azərbaycanda Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə oktyabrın 18-i “Müstəqilliyin Bərpası Günü” elan edilib.
Milli Kitabxana bu tarixi gün münasibətilə virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
Virtual sərgidə müstəqilliyin bərpası və suverenliyin təmin edilməsi, dövlətçilik tarixinin mühüm mərhələləri, müstəqil və suveren Azərbaycanın reallıqları, ölkəmizin müstəqillik tarixi haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Musteqilliyinin_berpasi_gunu/index.htm linkindən istifadə edə bilər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
Kitabxanadan bildirilib ki, materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunub. Həmçinin Azərbaycanın müstəqillik tarixindən, onun bərpası və mahiyyətindən bəhs edən 2017-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin təsviri, qısa məzmunu və elektron mənbələri istifadəçilərə təqdim olunub. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.
Materiallar kitabxananın saytında yerləşdirilib.