Bolqarıstanın Veliko Tırnovo şəhərində 8-10 oktyabr tarixlərində keçirilən 20-ci Beynəlxalq “Mədəni turizm” sərgisində Azərbaycanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Bolqarıstandakı səfirliyimiz təmsil edib.

Bu barədə Azərbaycanın Bolqarıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, sərgidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşanın tarixi-mədəni müstəsnalığını, turizm potensialını və təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib. İdarənin nümayəndələri sərgi iştirakçılarına Şuşanın turistik imkanları, turistlər üçün bu şəhərə gəliş yolları, habelə Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq tədbirləri barədə ətraflı məlumat veriblər.

Səfirlik isə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stend nümayiş etdirərək müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.

Sərgidə Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın tarixi və mədəni elementlərini, ecazkar təbiətini və zəngin memarlıq üslubunu təzahür etdirən fotoşəkillər nümayiş etdirilib.

Sərgi çərçivəsində oktyabrın 9-da Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərinin meri Daniel Panovla görüş keçirib. Görüşdə qardaşlaşmış şəhərlər olan Şuşa ilə Veliko Tırnovo arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mədəniyyət və turizm tədbirlərinin, həmçinin təcrübə mübadiləsinin təşkilinə dair müzakirələr aparılıb.

Xatırladaq ki, hər il Bolqarıstanın Turizm Nazirliyi, aidiyyəti hakimiyyət orqanlarının iştirakı ilə keçirilən beynəlxalq “Mədəni turizm” sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasıdır.