
Türk dünyası ailəsinin üzvləri olan Azərbaycan Respublikası ilə Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək. Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.
Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.
Mədəniyyət Günləri çərçivəsində 15 oktyabr tarixində Gəncə Dövlət Filarmoniyasında Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimində incəsənət ustalarının konserti baş tutacaq.
Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.