Azərbaycanın tarixi diyarı olan Qəbələnin bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. Çünki biz hamımız eyni tarixin, eyni dastanların və eyni mədəni irsin sahibləriyik. Bu ortaq köklər bizi bir-birimizə bağlayan ən güclü mənəvi dəyərlərdir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar bu sözləri oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
O qeyd edib ki, bu görüşün Azərbaycanın Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi xüsusilə qürurverici bir hadisədir. “Qardaş Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Qələbə yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu Zəfər ədalətin bərpası, xalqın və liderinin birliyinin təntənəsidir. Bu, böyük Türk dünyasının ortaq zəfəridir. Qarabağ Zəfəri bütün Türk dünyasına bir daha göstərdi ki, biz birlikdə olduqda hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bu Zəfər həm də Türk dünyasının sarsılmaz həmrəyliyinin və qardaşlığının rəmzidir", – deyə ŞKTC Prezidenti əlavə edib.
Ersin Tatar vurğulayıb ki, həmrəy şəkildə fəaliyyət göstərən türk dövlətləri yalnız öz təhlükəsizliyini deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır: "Biz eyni eyni mədəniyyətin, eyni kökdən bəslənən ortaq tarixin mirasçılarıyıq. Biz bu gün yalnız bir araya gəlmirik, eyni zamanda, ortaq gələcəyimizi birlikdə formalaşdırırıq. Biz inanırıq ki, ortaq tariximiz və mənəvi bağlarımız üzərində qurulan əməkdaşlıq strateji tərəfdaşlığa və ortaq gələcəyə çevriləcək. Əminəm ki, birliyimiz və qarşılıqlı etimadımız gələcəkdə də regionda sülhün, sabitliyin və rifahın təminatçısı olacaq”