
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun növbəti baş direktoru vəzifəsinə misirli Xalid əl-Ənani seçilib.
Oktyabrın 6-da UNESCO İcraiyyə Şurasında keçirilən səsvermədə iki namizəd – Misir təmsilçisi Xalid əl-Ənani və konqolu diplomat Edouard Firmin Matoko iştirak edib. Əl-Ənani 55 səs, Matoko 2 səs qazanıb.
54 yaşlı Xalid əl-Ənani daha əvvəl Misirin turizm və qədim abidələr naziri vəzifəsində çalışıb və ölkənin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb. O, UNESCO İcraiyyə Şurasında səsvermə öncəsi Afrika İttifaqı, Ərəb Liqası, ayrıca Fransa və Almaniyanın dəstəyini qazanıb. UNESCO-da üzvlüyünü dayandıracağını elan edən ABŞ səsverməyə qatılmayıb.
Yeni baş direktor noyabr ayında UNESCO Baş Konfransında təşklata üzv dövlətlərin təsdiqindən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq.
Xalid əl-Ənani bu vəzifədə 10 ildir çalışan fransalı Odri Azuleni əvəz edəcək. O, UNESCO-nu “bütün xalqların evi” kimi görmək istədiyini bildirir və təhsil, elm və mədəni dialoq sahələrində islahatlar vəd edir.
Qeyd etmək lazımdır ki, yeni baş direktor zəifləyən bir UNESCO ilə üz-üzə qalacaq. ABŞ-nin 2026-cı ildə təşkilatdan yenidən çıxması ehtimalı ciddi büdcə çatışmazlığına səbəb ola bilər. Hazırda ABŞ UNESCO-nun illik büdcəsinin təxminən 8%-ni təmin edir, halbuki keçmişdə bu göstərici 22%-ə çatırdı.