Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində (MSXƏEBM) Elmi bərpa şurasının növbəti iclası olub.

Mərkəzdən bildirilib ki, iclasda Azərbaycan Dövlət Rəsm Qalereyasının və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bərpa olunmuş eksponatlarının nəticələrinə baxış keçirilib, həmçinin Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə məxsus xalça nümunəsinin bərpa prosesi müzakirə olunub.

Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın sədrliyi ilə keçirilən iclasda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Taryer Bəşirov, MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini İranə İbrahimova, baş fond mühafizi Pakizə Almazova, şöbə müdirləri, elmi işçiləri və bərpaçı-rəssamları iştirak ediblər.

Müzakirəyə təqdim edilən bərpa olunmuş əşyalar əsasən heykəltaraşlıq, qrafika, rəngkarlıq əsərləri olub. Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva və bərpaçı-rəssamlar əşyalar üzərində aparılan bərpa və konservasiya prosesləri barədə məlumat veriblər.

Şura üzvləri təqdim olunan eksponatların bərpa işlərinin məqsəd və prinsiplərə uyğun şəkildə aparıldığını vurğulayaraq görülən işləri qənaətbəxş hesab ediblər. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.