Oktyabrın 4-də Cəbrayılda "Şəhər günü" təntənə ilə qeyd edilib. Artıq ikinci ildir ki, Cəbrayıl sakinləri bu şanlı tarixi – Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümünü doğma yurdda qarşılayırlar.
Əvvəlcə Cəbrayıl Şəhəri Gününə həsr edilən "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgiyə baxış keçirilib.
Şəhərin balaca sakinləri üçün “face art” və interaktiv əyləncəli oyunlar təşkil edilib.
İncəsənət xadimləri konsert proqramı ilə şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, digər rəsmilər tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad olunub. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.