Oktyabrın 3-də Nizami Kino Mərkəzində “Tağıyev: Sona” bədii filminin təqdimat mərasimi keçirilib.
“Tağıyev: Sona” filmi məşhur neft milyonçusu və böyük xeyriyyəçinin həyat hekayəsinə həsr edilən “Tağıyev” filminin üçüncü bölümüdür.
Kinolent Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Təqdimatda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rəsmilər, mədəniyyət xadimləri iştirak ediblər.
Filmdə XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.
Taleyin çətin yollarından keçən Hacı Zeynalabdin Tağıyevin illər sonra həyatına gənc və savadlı Sona xanım daxil olur. Bu gənc xanıma qarşı duyduğu sevgi onu yeni maneələrlə üz-üzə qoyur. “Tağıyev: Sona” filmində məhz məşhur xeyriyyəçi ilə onun qəlbinə yol tapan Sona xanımın maneələri aşan unudulmaz məhəbbət hekayəsi əks olunub. Filmdə iradənin gücü, sədaqətin sınağı və sevginin yüksəlişinə şahid olacaq izləyicilər ilk iki bölümündəki obrazların da həyatlarında baş verən dəyişiklikləri yaxından görmüş olacaqlar.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin baş rejissoru Zaur Qasımlı çəkilişlərə göstərilən dəstəkdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən dördhissəli filmin ilk bölümü – “Tağıyev: Neft” böyük xeyriyyəçinin vəfatının 100 illiyində, 2024-cü ildə təqdim olunub. 2025-ci il aprelin 4-də Nizami Kino mərkəzində ikinci bölümün – "Tağıyev: Çar" filmin təqdimatı olub.
Filmin ilk iki bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.
“Tağıyev: Neft” filmi Azərbaycandan “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edib. Bununla yanaşı, bədii filmin ilk bölümü “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.