Tarixdəki olaylar
3 oktyabr 1806 – Birinci Rusiya-İran müharibəsi (1804–1813) gedişində rus qoşunları Bakını işğal ediblər. Rusiya qoşunları hələ 1806-cı ilin fevralında Bakını mühasirəyə almışdı. O zaman general Pavel Sisianov şəhərin təslim edilməsi ilə bağlı Bakı hakimi Hüseyqulu xanla danışıqlar aparan zaman öldürülmüş və bundan sonra ruslar geri dönmüşdü. Yeni hücumla Bakını ələ keçirən rus qoşunları şəhərdə qırğın və talan törətmişdi. İşğaldan sonra Bakı xanlığı ləğv olundu və xanlığın ərazisində Rusiyanın Qafqaz hakimliyin Bakı dairəsi yaradıldı.
3 oktyabr 1990 – Qərbi və Şərqi Almaniya (ADR və AFR) birləşərək vahid dövlət olub. II Dünya müharibəsindən sonra SSRİ, ABŞ, Britaniya, Fransa arasında sektorlara bölünən Almaniya ərazisində 1949-cu ildə Almaniya Demokratik Respublikası (sovet sektoru) və Almaniya Federativ Respublikası (Qərb sektoru) yaranmışdı.
3 oktyabr 1993 – Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1993-cü il iyunun 24-də Milli Məclis tərəfindən Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən məhrum edilməsi və avqustun 29-da bununla bağlı referendum keçirilməsindən sonra növbədənkənar seçkilər elan edilmişdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov (1875–1939) Şuşada anadan olub. Yazıçının “Qorxulu nağıllar” toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. “Laçın yuvası”, “Eşq və intiqam”, “Tamahkar” və s. pyeslərin müəllifidir.
3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 4.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Bu rolu Musiqili Komediya Teatrında 600 dəfə ifa edib. “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
3 oktyabr 1895 – Rus şairi Sergey Aleksandroviç Yesenin (1895 – 27.12.1925) anadan olub. 1924–1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini mətbuatda dərc etdirib. Mərdəkanda şairin xatirə muzeyi var.
3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon – Louis-Marie Andrieux; 1897–1982) anadan olub.
3 oktyabr 1919 – Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis; 1919–1997) anadan olub.
3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Geriyə baxma, qoca” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.
Hazırladı: Vüqar Orxan