Oktyabrın 2-də Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Ekspert şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Bildirib ki, bu günə qədər Ekspert şurasında 400 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə 2000-ə qədər abidə və yeni aşkar edilmiş abidə barədə ekspertiza aktı hazırlanıb. Toplanmış materiallar mərhələli şəkildə Ekspert şurasının iclaslarında müzakirəyə çıxarılır.

Vurğulanıb ki, Nazirlər Kabinetinin 25 aprel 2025-ci il tarixli 137 nömrəli Qərarı ilə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş edilib, 7 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə götürülüb. Eləcə də Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonları üzrə tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən ümumilikdə 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.

Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, bugünkü iclasda 81 tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ şura üzvlərinin müzakirəsinə təqdim olunub.

İclasda Bakı şəhəri, Ağdərə, Cəbrayıl, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Xocavənd və Yevlax rayonlarında yerləşən daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan obyektlər barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. Həmin memarlıq və arxeoloji obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.