
Noyabrın 21-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məmmədağa Sultanov – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
Konfrans tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi, Azərbaycan EA nəzdində Respublika Əlyazmalar Fondunun (indiki Əlyazmalar İnstitutu) ilk direktoru Məmmədağa Sultanovun (1910–1991) anadan olmasının 115 illiyinə həsr edilib.
İnstitutdan bildirilib ki, konfrans “Məmmədağa Sultanov Azərbaycan və Şərq ədəbiyyatının tədqiqatçısı kimi”, “Ərəbdilli və farsdilli Azərbaycan ədəbiyyatının tədqiq və tərcümə problemləri”, “Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində”, “Türkologiyanın aktual problemləri və ortaq ədəbi dil məsələləri, “Türk xalqları tarixi əlyazma və arxiv materiallarında”, “Türk xalqlarının yazılı folklor abidələri”, “Türkdilli əlyazmalarda fəlsəfə, teologiya və mədəniyyət məsələləri” mövzularını əhatə edəcək.
İştirak etmək istəyənlər məruzənin tam mətnini oktyabrın 30-dək göndərə bilərlər. Elmi-praktik konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən gənc alim və tədqiqatçılar qatıla bilərlər. Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər.
Məruzə mətnləri manuscript1986@gmail.com elektron ünvanına göndərilməlidir.