Xəbər verdiyimiz kimi, 26–30 sentyabr tarixlərində Bakıda 8-ci Türk Film Günləri keçirilir. Sentyabrın 26-da Nizami Kino Mərkəzində Türk Film Günlərinin açılışı münasibətilə qala gecə keçirilib.
Layihə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi, eləcə də Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi, Yerli Düşüncə Cəmiyyətinin (Türkiyə) təşkilatçılığı ilə reallaşır.
Tədbirin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu Hülya Koçyiğit olub. Gecəyə Türkiyədən “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk bağları” filminin aktyorları Anıl Altan, Duyğu Mercan və başqa kino sənətçiləri qatılıblar
Açılışda çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin yalnız kino nümayişi deyil, türk dövlətlərinin mədəni birliyinin, tarixi yaddaşının və qardaşlıq münasibətlərinin sənət dili ilə ifadəsi olduğunu bildirib. O, son illər Türk dünyasında mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib: “2023-cü ildə TÜRKSOY-un təşəbbüsü ilə yaradılan "Türk Film" – Türk Dünyası Kino İdarəçiliyi Birliyi, 2024-cü il noyabrın 6-da Türk Dövlətləri Təşkilatı dövlət başçılarının 11-ci Zirvə görüşündə qəbul edilən "Bişkek bəyannaməsi"nin müvafiq bəndində təsbit edilən Türk Dünyası Film Fondunun yaradılması təşəbbüsü bu prosesin əhəmiyyətli mərhələsidir. 2025-ci il iyulun 18-də Türk dünyası kino rəhbərlərinin ikinci görüşündə bu istiqamətdə artıq İşçi qrup da yaradılıb. Məqsəd ortaq kino məkanı, ortaq istehsal mühiti və ortaq yayım imkanlarını formalaşdırmaqdır".
Nazir müavinin sözlərinə görə, Azərbaycan bu prosesdə hər zaman fəal və təşəbbüskar tərəf kimi çıxış edib. "Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışı nəticəsində ölkəmiz türk dünyası ilə mədəni əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. İstanbulda keçirilən Azərbaycan Kino Günləri və bu gün Bakıda təşkil edilən Türk Film Günləri həftəsi və eyni zamanda, Azərbaycan və Türkiyə tərəfindən birgə istehsal olunmuş, hazırda istehsalat və postprodakşn mərhələsində olan layihələr bu əməkdaşlığın əsas göstəriciləridir", - deyə o əlavə edib.
Səadət Yusifova bu sırada "Molla Nəsrəddin", "Çətin günlərin dostu", "Ölü Həsən", "Üç kiloqramlıq xoşbəxtlik", "Azıx mağarası", "Nargin" filmlərini qeyd edib. Bildirib ki, ümumilikdə 10-a yaxın film layihəsinə dəstək göstərilib və bu istiqamətdə 5 milyon manatdan artıq maliyyə vəsaiti ayrılıb: "Qorqud Ata Film Festivalı artıq ortaq mədəni platforma kimi qəbul olunur. Bu il festival oktyabrın 1-dən 5-dən "Türk dünyasının mədəniyyət paytaxtı" Aktauda keçiriləcək. Qardaş Qazaxıstandan festivalın təşkili işində uğurlar arzulayırıq. Əminik ki, qarşıdakı illərdə də bu əməkdaşlıq daha da dərinləşəcək, ortaq kino məktəbləri, yayım platformaları və müasir texnoloji mərkəzlər yaradılacaq. Azərbaycan-Türkiyə əməkdaşlığı kinematoqrafiya sahəsində də yeni nailiyyətlərə yol açacaq".
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün son illərdə türk film sənayesinin inanılmaz irəliləyiş yaşadığını diqqətə çatdırıb. Səfir dünyada kino sənayesinin çox çətin sahə olduğunu deyib: "Türkiyə serial və kinematoqrafiya sektorunda Amerikadan sonra bədii malların ixracına görə dünyada ikinci ölkədir. Ölkəmizdəki kino sektorumuz mədəni baxımdan nə qədər inkişaf etdiyini göstərir".
O, iki ölkəni birləşdirən və xalqlar arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirəcək film günlərinin çox vacibliyini qeyd edib: "Türk dünyası bir-birini daha yaxşı tanımalıdır. Film sənayemizin inanılmaz gücü var".
Türk Film Günlərinin təşkilatçısı olan Yerli Düşüncə Cəmiyyətinin başqanı Metin Gündoğdu Azərbaycanda artıq səkkizinci dəfə gerşkləşən layihənin iki qardaş ölkə arasında mədəni əlaqələrə töhfə olduğunu vurğulayıb, bu işə dəstək verən Türkiyənin və Azərbaycanın aidiyyəti qurumlarına təşəkkür edib.
Gecədə iştitrak edən türkiyəli kino xadimlərinə, eləcə də iki ölkənin aidiyyəti nazirliklərinin kino sahəsi üzrə rəsmilərinə mükafatlar təqdim olunub. Türkiyənin məşhur aktrisası Hülya Koçyiğitə Azərbaycan Mədəniyyət Nazirliyinin fəxri diplomu və hədiyyəsi təqdim olunub.
Mərasimdə Azərbaycan və Türkiyə milli rəqsləri də nümayiş olunub.
Daha sonra Hülya Koçyiğitin baş rolu oynadığı “Gəlin” filmi (1973) göstərilib.
Qeyd edək ki, Türk Film Günlərinin proqramına bədii ekran əsərləri ilə yanaşı, sənədli və animasiya filmləri də daxildir. Nizami Kino Mərkəzində filmlərin nümayişi ödənişdir.