Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən 3-cü Nəsimi Festivalının (Şeir. İncəsənət. Mənəviyyat) ikinci gününə dahi şairin doğma yurdu Şamaxı evsahibliyi edib.
Sentyabrın 24-də "Nəsimi bağları" kompleksində davam edən festivalda ilk olaraq tanınmış xanəndələr, vokalçılar və qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqram təqdim olunub.
Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə xanəndələr Alim Qasımov, Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov və Hüseyn Məlikovun ifaları səslənib, qiraətçilər Mehriban Zəki, Xalidə Quliyeva, Xəzər Süleymanlı, Qasım Nağı, Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlı şairin poeziyasından parçalar söyləyiblər.
Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında sufi rəqsi təqdim olunub. Tələbələrdən İslam Məmmədovun fikrincə, belə tədbirlər gənclərin yaradıcılıq potensialını artırır, onların milli-mənəvi kökləri ilə bağlı şüurunu gücləndirir və ədəbiyyata, incəsənətə olan maraqlarını daha da dərinləşdirir.