Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Qazaxıstanın Türküstan şəhərinə səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin İlahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.
Fonddan verilən məlumata görə, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qonaqlar “Divani Lüğət it-Türk” adlı beynəlxalq sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalarla tanış olublar.
Sərgi Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan Vilayəti Akiminin (icra hakimiyyəti) birgə əməkdaşlığı ilə açılıb.
Sonda Səlim bin Məhəmməd əl-Maliki tələbələrin suallarını cavablandırıb, gənclərin elmə və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ICESCO-nun Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov, ICESCO-nun Bakı Regional ofisinin direktoru Abdulhakim əl-Sənan və direktor müavini Məryəm Qafar-zadə də iştirak ediblər.