18 sentyabr Azərbaycanda Milli Musiqi Günüdür. 1995-ci ildə Üzeyir Hacıbəylinin şərəfinə təsis olunub.
Tarixdəki olaylar
18 sentyabr 1810 – Cənubi Amerikada İspaniya müstəmləkəçiliyinə qarşı müharibədə (1810–1826) ilk olaraq Çili müstəqilliyini elan edib. Sakit okeanla And dağları arasında, şimaldan cənuba təxminən 6500 km, şərqdən qərbə 400 km zolaqda yerləşən Çili dünyada ən maraqlı coğrafi mövqeyə malik ölkələrdəndir.
18 sentyabr 1890 – Osmanlı hərbi donanmasının ən böyük gəmisi sayılan “Ertuğrul” freqatı Yaponiyaya dostluq səfərindən sonra geri qayıdarkən Kuşimoto sahil qəsəbəsi yaxınlığında güclü qasırğaya düşürək batıb. Gəmidəki heyətdən 587 nəfər həlak olmuş, yalnız 69 nəfər xilas (yaponların köməyə gəlməsi ilə) olmuşdu. Bu faciədə ölənlərin xatirəsinə Kuşimotoda abidə və muzey yaradılıb.
18 sentyabr 1995 – Prezident Heydər Əliyev Üzeyir Hacıbəylinin şərəfinə 18 sentyabr – “Üzeyir Musiqi Günü”nün qeyd olunması haqqında fərman imzalayıb. Həmin gün dahi bəstəkarın 110 illiyi təntənəli mərasimlə qeyd olunub.
18 sentyabr 2002 – Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-nin energetika naziri Spenser Abraham iştirak ediblər. Boru kəmərinin inşası 2006-cı ilin yazında başa çatdı, rəsmi açılışı 2006-cı il iyulun 13-də gerçəkləşdi.
18 sentyabr 1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb. Mərasimdə Prezident Heydər Əliyev iştirak edib.
18 sentyabr 2013 – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Memorial kompleks 1918-ci ildə erməni silahlı dəstələrinin Qubada qətlə yetirdikləri dinc əhalinin basdırıldığı kütləvi məzarlıq yerində yaradılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət Himninin, romans və mahnıların müəllifidir. Bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur.
18 sentyabr 1885 – Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Üzeyir Hacıbəylinin yaxın sənət arxadaşı kimi Azərbaycan peşəkar musiqili teatrının yaranmasına töhfələr verib. “Şah İsmayıl”, “Nərgiz” operalarının müəllifidir. Opera və Balet Teatrının dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
18 sentyabr 1905 – Dünyaca məşhur İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” laureatı Qreta Qarbo (Greta Garbo – Greta Lovisa Gustafsson; 1905–1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
18 sentyabr 1908 – Əməkdar mədəniyyət işçisi Məmməd Şahverdi oğlu Əmirov (1908–1986) Ağdam rayonunun Novruzlu kəndində doğulub. Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.
18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib.
18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905–1988) vəfat edib. Şair Təbriz yaxınlığındakı Xoşnigab kəndində doğulub. Doğma Azərbaycan dili ilə yanaşı, fars dilində də şeir topluları yaradıb.
18 sentyabr 2022 – Əməkdar mədəniyyət işçisi, teatrşünas, publisist Atababa İsmayıl oğlu Hacıbabayev (22.9.1947 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan