15–16 sentyabr tarixlərində Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) “Davamlı turizmin inkişafı” mövzusunda Beynəlxalq turizm forumu keçirilib. Təşkilatın üzv və müşahidəçi ölkələrinin təmsil olunduğu forumda TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev də iştirak edib.
Forumda Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Forumda çıxış edən Kənan Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini, eyni zamanda, davamlı və inklüziv turizmin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Çıxış zamanı Azərbaycanın həyata keçirdiyi təşəbbüslər barədə iştirakçılara məlumat verilib, yeni turistik marşrutların yaradılması, ekoturizm layihələrinin reallaşdırılması, eləcə də plastik tullantıların azaldılması üzrə proqramların icrası diqqətə çatdırılıb.
Kənan Quluzadə, həmçinin ötən il Azərbaycanın COP29-a ev sahibliyi etdiyini xatırladaraq, həmin konfransda qəbul olunmuş “Turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qlobal miqyasda əhəmiyyətini vurğulayıb və türk dövlətlərini davamlı turizm sahəsində sıx əməkdaşlığa dəvət edib.
Tədbirin ikinci günündə iştirakçılar üçün “Türk Dövlətləri Təşkilatı məkanında macəra turizminin inkişafı” mövzusunda seminar təşkil olunub.