Naxçıvan Dövlət Universitetinə (NDU) builki tələbə qəbulu təhsil ocağının yaranmasından bu günə qədər ən yüksək göstərici olub. Eyni zamanda 600-700 intervalında bal toplayanlardan NDU-nu seçən tələbələrin sayı da rekord həddə çatıb. Ötən il bu rəqəm həmin intervalda 41 tələbəni əhatə edirdisə, bu il 152-yə çatıb.

Bu sözləri universitetin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində deyib.

Rektor qeyd edib ki, ötən il və yeni tədris ilində 600-700 intervalında bal toplayan tələbələrin müəllimlik ixtisasını seçməsi məmnunluq doğurur: "Xüsusilə, bu il riyaziyyat müəllimliyi ixtisasına 600-dən yuxarı bal toplamış tələbələrin gəlişi gələcəkdə bizdə pedaqoji hazırlığın da keyfiyyətinə öz təsirini göstərəcək. Eyni zamanda iqtisadiyyat, mühəndislik ixtisaslarına tələbə qəbulundakı yüksək nəticələr də bizi sevindirir və qarşımıza böyük vəzifələr qoyur".

Rektor əcnəbi tələbə qəbulu üzrə də coğrafiyanın genişləndiyini bildirib. “Bu günə qədər əgər 15 ölkədən tələbə qəbul edirdiksə, bu il bu rəqəm 20-dən artıq olub. Hazırda təhsil ocağımız 2 minə yaxın əcnəbi tələbəsi olan lider universitetlərdən sayılır. Təkcə bu il 200-dən artıq tələbə qəbulunu həyata keçirmişik və ilin sonuna kimi bu rəqəm dəyişilə bilər, eləcə də tədris ilində yeni əcnəbi tələbə gəlişini də gözləyirik”, – deyə Elbrus İsayev əlavə edib.