Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrup yaradılıb.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 15 sentyabr 2025-ci il tarixli 578s nömrəli Sərəncamını imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə paytaxt Bakı şəhərinin siması əsaslı şəkildə dəyişmiş, şəhər beynəlxalq miqyasda daha geniş tanınmış və turistlər üçün cəlbedici məkanlardan birinə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” (Baş Plan) Bakının müasir şəhərsalma prinsipləri əsasında daha da inkişaf etdirilməsini, rahat və inklüziv yaşayış mühitinin yaradılmasını, sosial və mədəni həyatın inkişafına xidmət edən məkanların formalaşdırılmasını nəzərdə tutur. Baş Plana uyğun olaraq yenidən qurulması nəzərdə tutulan ərazilərin inkişafı üzrə müəyyənləşdirilmiş hədəflər yerli və xarici investorların (investorlar) əlavə əlavə marağına səbəb olaraq, konkret investisiya təkliflərinin irəli sürülməsini təşviq etmişdir.

Sərəncama əsasən, Bakı şəhərində dayanıqlı və inkluziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə (şəhərsalma investisiya layihələri ) investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:

İşçi qrupun rəhbəri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

İşçi qrupun rəhbərinin müavinləri:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

İşçi qrupun üzvləri:

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini

Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

İlham Mirzəliyev - “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri

Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

İşçi qrupa tapşırılıb ki, investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirsin və şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etsin.

Həmçinin İşçi qrupa ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.