Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə gerçəkləşib.

Türkiyəli qonaqlar sentyabrın 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirələri ehtiramla yad olunub.

Daha sonra iki qardaş ölkənin Baş Qərargah rəisləri Türk Şəhidliyinə gələrək abidə önünə əklillər qoyub, 1918-ci ilin 15 sentyabrında Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsini hörmətlə yad ediblər.

Ordu generalı Selçuk Bayraktaroğlu abidə önündə çıxış edib.

Ardınca Azərbaycan Ordusunun Baş Qərargahında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəsmi qarşılanma mərasimi olub. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. 

Sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının dostluq münasibətləri nəticəsində daha da inkişaf etdiyini qeyd edib. Türkiyənin hər zaman ölkəmizə dəstəyini yüksək qiymətləndirən nazir 15 sentyabr – Bakının daşnak-bolşevik işğalından azad edilməsi gününün xalqımız üçün tarixi əhəmiyyətinə toxunub.

Müdafiə naziri ordu generalı S.Bayraktaroğlunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

S.Bayraktaroğlu səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət töhfələr verdiyini qeyd edib.

Səfər çərçivəsində hər iki ölkənin Baş Qərargah rəisləri arasında görüş keçirilib.

Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib.