Martın 18-də Milli Məclisin Elm və təhsil komitəsi “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə təşkil edib. Mədəniyyət naziri Adil Kərimli toplantıda çıxış edib.

Son iki il ərzində incəsənət məktəblərində keyfiyyətin yüksəldilməsi məqsədilə sistemli və ardıcıl islahatların aparıldığını deyən nazir qeyd edib ki, bu dəyişikliklərin mərkəzində üç əsas istiqamət dayanır: keyfiyyətin artırılması, fəaliyyətin rəqəmsallaşdırılması, tədris məzmununun yenilənməsi.

Nazir bildirib ki, bu addımların əsas məqsədi incəsənət təhsilini müasir tələblərə uyğunlaşdırmaq, sağlam pedaqoji mühit formalaşdırmaq və gələcək nəsillərin yaradıcı potensialının daha güclü şəkildə inkişafına şərait yaratmaqdır. Eyni zamanda incəsənət təhsilinin yaradıcı sənayelər baxımından mövcud imkanlarının genişləndirilməsi islahatların mühüm istiqamətlərindən biridir.

Adil Kərimli diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə Mədəniyyət Nazirliyi sistemində ümumilikdə 237 musiqi və incəsənət məktəbi var. Monitorinqlər zamanı qəzalı vəziyyətdə olan məktəblər aşkar edilib. Həmin təhsil ocaqlarında dərs prosesinin davam etdirilməsi qeyri-mümkün idi. Bəzi bölgələrdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları cəlb olunaraq təhsil prosesi müvəqqəti dayandırılıb və dərslərin alternativ məkanlarda təşkili ilə bağlı qərarlar qəbul edilib.

Nazir vurğulayıb ki, incəsənət təhsilinə xüsusi diqqət yetirilməsi Azərbaycanda mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir. Digər ölkələrlə müqayisədə bu sahəyə daha geniş resurs ayrılması, incəsənətin inkişafını və milli-mədəni irsin qorunmasını prioritet məsələlərdən biri kimi ön plana çıxarır. MDB məkanında və ümumilikdə dünyada mövcud olan incəsənət təhsili sistemləri ilə müqayisədə Azərbaycanda bu sahəyə ayrılan maliyyə və institusional dəstək kifayət qədər yüksəkdir.

Nazir incəsənət və musiqi məktəblərində aparılan attestasiya barədə də danışıb. “Təhsilverənlərin bilik və bacarıqlarının müəyyən edilməsi zəruridir. İlkin araşdırmalar göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Buna görə də bilik və bacarıqların ölçülməsi prosesinə başlanması vacib idi”, – deyə o əlavə edib.

Qeyd olunub ki, attestasiya prosesi 2025-ci ildən başlanıb. Ölkədə ilk dəfə belə genişmiqyaslı attestasiya həyata keçirilir. Proses ümumilikdə 12 min təhsilverəni əhatə edir və iki mərhələyə bölünüb. Ötən il musiqi və incəsənət məktəbləri üzrə 4 min nəfər attestasiyadan keçib. Bu il isə 8 min təhsilverənin bilik və bacarıqlarının yoxlanılması davam edir.

Nazir onu da bildirib ki, şəxs ifaçı olsa da, pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması uşaqların psixologiyasında ciddi problemlərə səbəb ola bilir.

O vurğulayıb ki, orta ixtisas təhsili peşəyə yiyələnməyə imkan verir. Məsələn, ifaçı yetişdirilir və həmin şəxs hansısa orkestrdə ifaçı kimi fəaliyyət göstərə bilər. Lakin tədris fəaliyyəti ciddi prosesdir. Burada psixoloji, pedaqoji və elmi biliklərin kompleks şəkildə təqdim olunması əsasında bilik və bacarıqlar formalaşdırılmalıdır.

Bu sahədə istedadları üzə çıxarmağın Mədəniyyət Nazirliyi üçün əsas prioritet olduğunu deyən Adil Kərimli 2023-cü ildə əsası qoyulan və 2025-ci ildə ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalının gələcək formatı ilə bağlı yeni təşəbbüsü də diqqətə çatdırıb. Bildirib ki,  Uşaq İncəsənət Festivalı bundan sonra İncəsənət Olimpiadası formasında keçiriləcək. Qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcək. Adil Kərimli bildirib ki, bu məsələ Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə olunur.

“İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır. Bir musiqiçinin yetişməsi üçün 20 il vaxt tələb olunur. Bu proses getməlidir” – bunu isə dinləmədə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu deyib.

O, istedadların aşkar edilməsinin vacibliyini vurğulayıb: “Onlar çox olmur və bu reallıqdır. Elə sənət növləri var ki, həmin sahələrdə yalnız çox istedadlı insanlar fəaliyyət göstərə bilər. Amma bunun üçün şərait yaradılmalıdır. Dövlətin əsas məqsədi elə bir şərait və sistem formalaşdırmaqdır ki, istedadlı uşaqları və gəncləri kəşf etmək, onlara imkan yaratmaq mümkün olsun və gələcəkdə onlar Azərbaycan mədəniyyətini təmsil edə bilsinlər”.

İctimai dinləmə digər millət vəkilləri və dəvət olunmuş qonaqlar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.