Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi Əli Kərimin (1931–1969) anadan olmasının 95 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında Əli Kərimin həyatının mühüm məqamlarını əks etdirən xronologiya, ədəbi irsini təqdim edən bölmə yer alır. Filologiya elmləri doktoru Paşa Əlioğlunun “Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi”, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Zamana ram olmayan poeziya – Əli Kərim” və şair, yazıçı Məmməd İsmayılın “Şeirin zirvəsində və əbədi səfərdə...” adlı məqalələrinin tam mətni təqdim edilir.
Əli Kərimin kitabları, əsərlərinin dərc olunduğu dövrü mətbuat nümunələri, tərcümələri, həmçinin şairin sözlərinə bəstələnmiş mahnılar və musiqi notları ayrıca bölmələrdə yer alıb. Elektron bazada "Filmoqrafiya”, “Televiziya verilişləri”, “Virtual sərgi” bölmələri də var.
“Şair, tərcüməçi Əli Kərimli 95” adlı elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib.


















