Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiya Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin (1930–2012) anadan olmasının 95 illiyinə həsr edilib.

Əvvəlcə ədəbiyyatşünas-alimin elmi yaradıcılığından bəhs edən sərgi ilə tanışlıq olub.

Tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli görkəmli alimin zəngin fəaliyyətindən söz açıb, onun fundamental əsərləri ilə elmimizə böyük töhfələr verdiyini söyləyib. Akademik Bəkir Nəbiyevi ustad ədəbiyyatşünas-alim kimi səciyyələndirən AMEA rəhbəri onun Firudin bəy Köçərli haqqında yazılmış ilk monoqrafik əsərin müəllifi olduğunu vurğulayıb. Qeyd edib ki, arxiv materiallarına əsaslanan bu kitab zaman keçsə də, dəyərini qoruyub saxlayır. 

AMEA-nın prezidenti bildirib ki, alimin ədəbi tənqidi irsi ədəbiyyatşünaslığımızın yarım əsrdən çox salnaməsini təşkil edir. Onun müasirləri və klassikləri haqqında məqalələri, sanballı elmi əsərləri yeni nəsil tədqiqatçılar üçün qiymətli mənbədir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim AMEA-da müxtəlif vəzifələrdə çalışıb, Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrini tutub. O, 1971-1987-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, 1987-2001-ci illərdə Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi, 2002-ci ildən ömrünün sonunadək isə Ədəbiyyat İnstitutunun direktoru olub.

Akademik Bəkir Nəbiyev səmərəli elmi-təşkilati fəaliyyətlə yanaşı, yüksəkixtisaslı kadrların yetişdirilməsində də böyük əmək sərf edib. Azərbaycan filologiyasında elmi məktəb yaradan alimin rəhbərliyi altında çox sayda fəlsəfə və elmlər doktorları hazırlanıb.

İsa Həbibbəyli elmi sessiyanın AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. O, bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etmiş Bəkir Nəbiyevin gələcək nəsillərə örnək və nümunə göstəriləcək Azərbaycanın görkəmli alimlərindən biri olduğunu bildirib.

Ədəbiyyatşünas-alimin zəngin fəaliyyətinin Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini söyləyən AMEA rəhbəri onun “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görüldüyünü, Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif edildiyini diqqətə çatdırıb.

Elmi sessiyada iştirak edən  Dünya Söz Akademiyası idarə heyətinin sədri professor Hayrettin İvgin (Türkiyə) akademik Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb. Bildirib ki, Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslıq elmində, türk xalqlarının mədəniyyət tarixində elmi əsərləri ilə adını əbədiləşdirmiş alimlərdəndir. Daim öz araşdırmalarında çoxsaylı tarixi mənbələrə, elmi qaynaqlara üstünlük verib. Onun mənalı ömür yolu və zəngin elmi-ədəbi irsi yeni nəsillər üçün məktəbdir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Akademik Bəkir Nəbiyev: böyük ədəbiyyatşünas-alim”, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev “Azərbaycan ədəbiyyatşünaslıq elminin ustad dərsləri”, şöbə müdiri professor Asif Rüstəmli “Akademik Bəkir Nəbiyev və Azərbaycan ədəbiyyatı tarixçiliyi”, aparıcı elmi işçi filologiya elmləri doktoru Esmira Fuad “Səfərnamələrindən görünən Bəkir Nəbiyev” və aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Akademik Bəkir Nəbiyevin tənqidçi fərdiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda akademik Bəkir Nəbiyevin ailəsi adından çıxış edən Sadıq Nəbiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.