Azərbaycan peşəkar milli teatr sənətinin 153-cü mövsümünün başlanması münasibətilə təntənəli mərasim keçirilib.
Mərasim sentyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası önündə təşkil edilib.
Ölkə teatrlarının rəhbər şəxsləri və truppa üzvlərinin qatıldığı tədbirdə Ulu öndər Heydər Əliyevin teatr haqqında fikirləri səsləndirilib.
Mədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı qeyd olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov yeni teatr mövsümünün açılışı ilə bağlı fikirlərini bölüşüb, teatrların ölkəmizin mədəni həyatında oynadığı vacib roldan danışıb.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev teatr ictimaiyyətini yeni mövsümün başlanması münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti, vokal ustası Azər Zeynalov, Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli, “Kaman” rəqs qrupu və Əməkdar artist, xanəndə Bəyimxanım Vəliyevanın ifasında musiqi nömrələri təqdim olunub.
Müxtəlif teatrların aktyorları repertuar tamaşalarından parçalar ifa ediblər.