Parisdə, Eyfel qülləsinin yaxınlığında sentyabrın 11-də işə başlayan Beynəlxalq Qastronomiya Günləri Festivalı çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət göstərir.

Milli mətbəximizin ləziz təamları ilk gündən ziyarətçilərin diqqətini cəlb edib.

Azərbaycanın Fransadakı Səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş pavilyonu səfir Leyla Abdullayeva, onun müxtəlif ölkələrdən olan həmkarları, Parisdəki diplomatlarımız da ziyarət ediblər.

Azərbaycan pavilyonunda mətbəximizlə yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyük turizm menecmenti şirkətlərindən olan “Gabala Hospitality Group” iştirak edir. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edirlər. Pavilyona gələnlərə şah plov, dolma, qaralı plov, müxtəlif turşular, eləcə də milli şirniyyatlarımız - şəkərbura, paxlava, badambura, müxtəlif mürəbbələr, milli çay təqdim olunur. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar stendi bəzəyir.

Ziyarətçilər “Happy Day Cake” şirniyyat evinin hazırladığı paxlava və şəkərburaya heyranlıqlarını bildirirlər. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir. Bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlib. İkitərəfli münasibətlərdəki məlum sərinlik dövrü arxada qalandan sonra Azərbaycan yenidən Fransada mədəni tədbirlərdə fəal iştirak edir.