Bakı Slavyan Universitetində (BSU) ümumtəhsil müəssisələrinin rəhbərləri üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlimi təşkil olunub.
BSU-dan bildirilib ki, təlimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 15 ümumtəhsil müəssisəsinin, o cümlədən bir xüsusi internat məktəbinin direktorları iştirak ediblər.
Təlimin ilk günündə BSU-nun rektoru Anar Nağıyev iştirakçılarla görüşərək onların gözləntiləri ilə maraqlanıb, inklüziv təhsilin əhəmiyyətini vurğulayıb.
Proqram dörd modul üzrə həyata keçirilib:
I gün – Modul I: “İnklüziv və adaptiv təhsil yanaşmaları”
II gün – Modul III: “İdarəetmə psixologiyası”
III gün – Modul II: “Fərdi Tədris Planı: rəhbərlik və məktəbdaxili koordinasiya baxımından yanaşma”
IV gün – Modul IV: “İnklüziv və adaptiv təhsilin təşkilində əməkdaşlıq və şəbəkələşmənin idarə olunması”
Təlim müddətində iştirakçılar üçün 30 saatlıq (1 kreditlik) peşəkar inkişaf proqramı təqdim olunub. Hər modul üzrə diaqnostik qiymətləndirmə aparılıb, yekunda isə reflektiv qiymətləndirmə vasitəsilə proqramın effektivliyi və şəxsi öyrənmə təcrübələri dəyərləndirilib.