Biblioqrafik iş kitabxanalarda ədəbiyyatın toplanılması, sistemləşdirilməsi, təsviri və istifadəçilərə məqsədyönlü şəkildə təqdim olunması ilə bağlı fəaliyyətlər kompleksidir. Bu fəaliyyətlər təkcə elmi və tədris məqsədli araşdırmalarda deyil, həm də informasiya cəmiyyətində effektiv məlumat mübadiləsinin təşkilində mühüm rol oynayır.

Biblioqraf – ədəbiyyatın toplanılması, təsnifatı, təsviri və istifadəyə verilməsi üzrə ixtisaslaşmış mütəxəssisdir. Onun əsas vəzifəsi elmi, texniki və digər sahələrdə mövcud olan mənbələri sistemləşdirərək istifadəçilərin rahat tapması və istinad etməsi üçün əlçatan etməkdir. Biblioqraf kitabxana fondlarının, məlumat bazalarının yaradılmasında, biblioqrafik göstəricilərin hazırlanmasında, həmçinin mənbələrin keyfiyyət və aktuallıq baxımından yoxlanılmasında iştirak edir.

Müasir kitabxanalar yalnız rəflərdəki kitablarla deyil, eyni zamanda süni intellekt texnologiyaları ilə də zənginləşir. Biblioqraflar rəqəmsal alətlər və süni intellekt texnologiyalarından istifadə edərək işlərinin səmərəliliyini artırırlar. Süni intellekt sistemləri bu sahədə insan əməyini əvəz etmir, əksinə, onu tamamlayaraq dəqiqlik, sürət və fərdiləşdirmə imkanları ilə kitabxana xidmətlərinin keyfiyyətini yüksəldir.

Biblioqrafın rutin işlərinə rəqəmsal köməkçi

Biblioqrafik işdə ən çox vaxt aparan və təkrarlanan proseslər var. Bunlardan elektron kataloqlardan seçilən mənbələrin qruplaşdırılması, bu mənbələrin biblioqrafik təsvirlərinin hazırlanması və mənbələrin tematik və ya sistematik qruplaşdırılması, ədəbiyyatın təsnifat sistemlərinə əsaslanaraq (məsələn, UDK, BBK) düzgün şəkildə sıralanması, təkrarların aradan qaldırılması, düzgün nömrələnməsi, həm texniki, həm də orfoqrafik səhvlərin aşkarlanması və aradan qaldırılması və s. Süni intellekt texnologiyaları biblioqrafın sadalanan gündəlik və təkrarlanan işlərini xeyli asanlaşdırır və avtomatlaşdırır. Bu, biblioqrafın əllə toplama və ayırma işini minimuma endirir, “Zotero”, “Mendeley”, “EndNote” kimi sistemlər süni intellektin təhlil alqoritmlərindən istifadə edərək mənbələrin biblioqrafik təsvirlərini qəbul edilmiş standartlara uyğun şəkildə avtomatik formalaşdırır.

Süni intellekt mənbələrin yenidən doğulmasına yol açır

 Süni intellekt alqoritmləri kitabların və məqalələrin populyarlığını təhlil etmək üçün geniş istifadə olunur. Bu sistemlər sosial şəbəkələr, elektron kitabxanalar, istifadəçi reytinqləri, istinad statistikası kimi müxtəlif mənbələr əsasında məlumat toplayır və təhlil edir. Nəticədə biblioqraflar daha çox oxunan, istinad edilən və aktual olan ədəbiyyatı müəyyənləşdirərək daha dolğun siyahılar tərtib edə bilirlər. Məsələn:

–        Hansı kitab hansı dövrdə daha çox oxunub?

–        Hansı müəlliflərin əsərləri daha çox istinad alır?

–        Mövzu üzrə istifadəçi maraqları hansı istiqamətə yönəlib?

Əski əlifba ilə yazılmış Azərbaycan dilindəki tarixi kitablar və qəzetlər də süni intellektin imkanları sayəsində rahat oxuna bilər. Bu sahədə ən çox istifadə edilən texnologiyalar OCR (Optical Character Recognition) və transliterasiya modullarıdır. OCR texnologiyası vasitəsilə əski əlifbada yazılmış mətnlər tanınır və rəqəmsallaşdırılır. Daha sonra transliterasiya modulları həmin mətni müasir Azərbaycan əlifbasına uyğunlaşdıraraq oxunaqlı formaya gətirir. Süni intellekt bu prosesdə dilin fonetik xüsusiyyətlərini və tarixi yazı normalarını da nəzərə alaraq daha dəqiq və uyğun nəticələr təqdim edir.

Bundan başqa, süni intellekt qəzet və jurnal səhifələrindən məqalələrin avtomatik seçimi və təsvirində də effektiv rol oynayır, məqalələrin başlıqlarını, müəllif adlarını, çap tarixini və əsas məzmun hissələrini ayırd edə bilir. Bu imkanlar aşağıdakı funksiyaları əhatə edir:

–        Məqalələrin biblioqrafik təsvirlərinin avtomatik hazırlanması

–        Hər məqalə üçün qısa annotasiyanın yazılması

–        Tematik indeksləşdirmə və klassifikasiya kodlarının (UDK, BBK və s.) avtomatik verilməsi.

Söhbət edən kitabxanaçılar – Chatbotlar

Chatbotlar – virtual istinad xidmətləri “Siri, “Alexa”, “Google Assistant” və digər chatbotlar vasitəsilə təklif olunur. Bu süni zəka əsaslı köməkçilər təhlükəsiz, sürətli və gecə-gündüz işləyən xidmətlər təklif edirlər. Əlbəttə, onların insan kitabxanaçını-biblioqrafı tam əvəz etməsi mümkün deyil, lakin onlar standart sorğuların cavablandırılmasında olduqca effektivdir. Ədəbiyyatsorğularının avtomatik cavablandırılması, biblioqrafik siyahıların hazırlanması, elektron kataloqlara yönləndirmə, istifadəçi təlimatı və məlumatlandırma, sifariş və rezervasiya xidmətləri. Chatbot texnologiyaları kitabxana biblioqrafik xidmətlərini daha interaktiv, fərdiləşdirilmiş şəkildə təqdim etməyə imkan verir. Bu texnologiyalar xüsusilə gənc nəsil istifadəçilərlə effektiv ünsiyyət qurmaq və kitabxananın əlçatanlığını artırmaq baxımından əhəmiyyətlidir.

Dünya kitabxanalarında süni intellekt təcrübəsi

Süni intellekt texnologiyaları dünya kitabxanalarında yeni bir mərhələ açır. Tarixi sənədlərin rəqəmsallaşdırılması, avtomatik indeksləşdirmə və audiomaterialların mətnə çevrilməsi artıq reallığa çevrilib. Estoniya Milli Kitabxanasında “Kratt” adlı alət avtomatik olaraq kitabların predmet indeksləşməsini həyata keçirir. Bu sistem insan əməyinə nisbətən 10-15 dəfə sürətlidir və arxivdə sınaqdan keçirilib. Norveç və Danimarka Milli kitabxanalarında “Project NOSTRAM” çərçivəsində audiomaterialların mətnə çevrilməsi üzərində işlər aparılır. Danimarkada video və audio arxivlər üçün avtomatik transkripsiya sistemləri sınaqdan keçirilir. Türkiyənin “WikiLala” layihəsi Osmanlı türkcəsindəki 109 000-dən çox kitab, qəzet, jurnal və məqaləni rəqəmsal mühitə daşıyıb. Layihənin əsas üstünlüyü istifadəçilərə həm ərəb qrafikası, həm də müasir türk əlifbası ilə tam mətn axtarışı imkanı təqdim etməsidir. Burada süni intellekt əsasında işləyən OCR (optik simvol tanıma) texnologiyaları qədim yazıları oxuyur, onları müasir əlifbaya transliterasiya edir və indeksləşdirir. Süni intellektə əsaslanan bu sistemlər tarixi səsyazmaların və videomaterialların istifadəsini asanlaşdırır. Rusiya Federasiyasının Yakutiya bölgəsindəki Milli Kitabxana da süni intellekt texnologiyalarını tətbiq edir. Burada “Telegram” platformasında çalışan chatbot biblioqrafik və məlumat sorğularını cavablandırır. Eyni zamanda “İİ-TEXT” adlı modul vasitəsilə mətnlərin avtomatik annotasiyası və redaktəsi həyata keçirilir.

Süni intellekt Azərbaycan kitabxanalarında informasiya axtarışı, mənbə analizi və istifadəçi xidməti sahəsində böyük potensiala malikdir. Qanunvericilikdə süni intellektin inkişafı üçün təsdiqlənmiş “Süni intellekt üzrə Milli Strategiya” kitabxanalar da daxil olmaqla, mədəniyyət sahəsində rəqəmsal texnologiyaların tətbiqini təşviq edir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və lokal ehtiyaclara uyğunlaşdırılması mühüm rol oynayacaq.

 

Yasəmən Sadıqova

Milli Kitabxananın bölmə müdiri,

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı