2026-ci ildə görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun (1911–1985) anadan olmasının 115 illiyi tamam olur. Fevralın 25-də Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə sənətkarın yubileyi qeyd edilib. Mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirin müşaviri Cahangir Səlimxanov tədbirdə iştirak ediblər.
Akademik Rafael Hüseynovun aparıcılığı ilə keçən gecədə ustad tarzənin həyat və sənət yoluna nəzər salınıb. Rafael Hüseynov çıxışında bildirib ki, Bəhram Mansurovun bənzərsiz sənət dünyası, qoyduğu irs bu gün də yaşayır və neçə-neçə gənc tarzənə yol göstərir.
Qeyd olunub ki, klassik Azərbaycan muğamlarının qorunub saxlanması və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov İçərişəhərdə boya-başa çatıb. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynayıb. O, 1932-ci ildə Müslüm Maqomayevin dəvəti ilə Opera və Balet Teatrına gəlir və ömrünün sonuna kimi burada çalışır. Ölməz sənətkarın ifaçılıq sənəti daim xalqımızın yaddaşında qalacaq.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə çıxış edərək görkəmli tarzənin oğlu və layiqli davamçısı Əməkdar artist Elxan Mansurovun da bu il 70 illik yubileyi olduğunu diqqətə çatdırıb. Mərkəzin adından yubilyara təbrik plaketi təqdim edilib.
Gecədə Xalq artistləri Vamiq Məmmədəliyev, Sərdar Fərəcov, Möhlət Müslümov, Alim Qasımov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar artist Razi Şükürov və AMK-nın dosenti, tarzən Mahmud Əliyev çıxış edərək Bəhram Mansurovun yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər.
Yubiley gecəsi konsert proqramı ilə davam edib.
Görkəmli tarzənin oğlu Xalq artisti, bəstəkar Eldar Mansurov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.


























