AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.

İnstitutdan verilən məlumata görə, seminarda Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri, “Könüllülük” layihəsi iştirakçıları və Əlyazmalar İnstitutunun doktorant və dissertantları iştirak ediblər.

Seminar iştirakçıları institutun ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilən əlyazma nüsxələri və s. barədə ətraflı məlumat əldə ediblər. 

Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlillinin “Dünya yaddaşı: Əlyazma irsi” mövzusunda mühazirəsi dinlənilib. O, Əlyazmalar İnstitutunda mühafizə olunan, UNESCO-nun “Dünya Yaddaşı” siyahısına daxil edilmiş 5 unikal əlyazmadan söz açıb, hazırladığı videoslayd vasitəsilə yazının tarixi növləri, yazının materiallaşdırılması, əlyazma kitablarının yaranması, hazırlanması və elektronlaşdırılması prosesi haqda məlumat verib, əyani şəkildə nümunələr göstərib. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə Əlyazmalar İnstitutunda bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.