Azərbaycanın qədim şəhər mədəniyyətini öyrənmək baxımından mühüm əhəmiyyətə malik abidələrdən biri də qədim Şəmkir şəhər yeridir. Bu yaşayış məskəni Şəmkirçayın sol sahilində yerləşir və tarixi mənbələrdə adı çəkilən ən mühüm şəhər mərkəzlərindən biri kimi tanınır. Burada aparılan arxeoloji qazıntılar Azərbaycan tarixinin Orta əsrlər dövrünə dair dəyərli faktlar üzə çıxarmışdır.
Qədim Şəmkir şəhər yerində ilk arxeoloji araşdırmalar XX əsrin ortalarından etibarən aparılmağa başlanmışdır. Sonrakı dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu tərəfindən sistemli qazıntılar davam etdirilmişdir. Qazıntıların əsas məqsədi şəhərin yaranma tarixi, inkişaf mərhələləri, mədəniyyət və təsərrüfat həyatını öyrənmək olmuşdur.
Aparılan qazıntılar zamanı zəngin arxeoloji materiallar əldə edilmişdir. Ən mühüm nəticələr bunlardır:
Memarlıq qalıqları: Şəhərin qala divarları, müdafiə istehkamları, küçə şəbəkəsi və yaşayış evlərinin qalıqları aşkar olunmuşdur. Bu tapıntılar göstərir ki, Şəmkir Orta əsrlərdə mühüm hərbi-strateji və inzibati mərkəz olmuşdur.
Keramika nümunələri: Müxtəlif formalı saxsı qablar, məişət əşyaları, saxsı çıraqlar tapılmışdır. Bu nümunələr Şəmkirdə yüksək dərəcədə inkişaf etmiş keramika istehsalının olduğunu bir daha sübut edir.
Maddi-mədəniyyət nümunələri: Ticarətə aid çəki daşları, mis və gümüş sikkələr, bəzək əşyaları və silah qalıqları aşkar edilmişdir. Bu isə şəhərin iqtisadi və ticarət həyatında mühüm rol oynadığını göstərir.
Dini-mədəni obyektlər: Qazıntılar zamanı məscid qalıqları və digər dini tikililərə aid fraqmentlər aşkarlanmışdır. Bu da şəhərdə zəngin mədəni və dini həyatın olduğunu təsdiqləyir.
Qazıntıların nəticələri göstərir ki, qədim Şəmkir şəhəri IX-XIII əsrlərdə Qafqazın ən mühüm şəhər mərkəzlərindən biri olmuşdur. Burada sənətkarlıq, ticarət, memarlıq və mədəniyyət yüksək səviyyədə inkişaf etmişdir. Şəhərin mövcudluğu həm də Azərbaycan ərazisində Orta əsrlərdə şəhərsalma ənənələrinin yüksək inkişafını nümayiş etdirir.
Qədim Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar Azərbaycan tarixinin öyrənilməsi üçün mühüm elmi baza yaratmışdır. Bu tapıntılar göstərir ki, Şəmkir yalnız regional deyil, həm də beynəlxalq ticarət yollarında əhəmiyyətli mövqeyə malik olmuş, Qafqazın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şəmkir arxeologiya ekspedisiyası 2025-ci il iyulun 29-dan “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji tədqiqatlara başlamışdı.
Arxeoloji qazıntılar qədim şəhər yerinin Narınqala adlanan ərazisində aparılırdı və IX-X əsrlərə aid monumental binanın arxeoloji tədqiqi avqustun 29-da başa çatdı.
Haqqında bəhs etdiyimiz bina Narınqalanın şimal-şərq sektorunda 2000 m2-dən artıq sahəni əhatə edir və İslam dövrü memarlığının maraqlı kompleksidir.
Bu ilin tədqiqatları nəticəsində binanın qərb divarı içəri tərəfdən təmizlənərək vaxtilə onun əhəng suvaqla örtüldüyü müəyyənləşdirilmişdir.
Maraqlıdır ki, divarda həm də çıraq üçün xüsusi oyuq aşkarlanmışdır. Arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan tikili qalıqları arasında mətbəx qalıqları, əndir və ocaqları qeyd etmək olar. Sözügedən mətbəx sonrakı təmir və yenidənqurma zamanı bişmiş kərpicdən inşa olunmuşdur. Mətbəxdə bişmiş kərpicdən qurulmuş ocaq və təndir aşkarlanmışdır.
Arxeoloji qazıntılar zamanı xeyli miqdarda fraqmentlər halında mətbəx keramikası, təsərrüfat küplərinin parçaları üzərində həyat ağacı naxışı ilə bəzədilməsi diqqəti çəkir. Qədimdən məlum olan həyat ağacı ornamenti təkcə dekorativ deyil, həm də semantik məna kəsb edir və ideya yükü daşıyırdı.
Həmin ərazidə müxtəlif təyinatlı şirsiz keramika nümunələri tapılmışdır. Tapıntılar arasında şirli keramika nümunələri də az deyil və onlar əsasən X-XI əsrin birinci yarısına aiddir. Maraqlı tapıntılar sırasında sümük düyməni də qeyd etmək olar. Bu kiçik ölçülü geyim bəzəyinin incə naxışlarla işlənməsi yerli sənətkarların peşəkarlığının göstəricisi kimi qəbul oluna bilər.
Ümumilikdə bir ay ərzində “Qədim Şəmkir Şəhəri” qoruğu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində təndirxanalar, mətbəx və digər qədim tikili qalıqları ilə yanaşı, 93 ədəd maddi-mədəniyyət nümunələri də aşkar olundu. Artefaktlar aktlaşdırılaraq qoruğun fonduna təhvil verildi.
Aləmzar Hüseynova
“Qədim Şəmkir Şəhəri” qoruğunun əməkdaşı