
Bu il dünyaca məşhir kimyaçı alim, Dövlət mükafatı laureatı, akademik Yusuf Məmmədəliyevin (1905–1961) anadan olmasının 120 illiyi tamam olur. Prezident İlham Əliyev iyulun 5-də görkəmli alimin yubileyi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamdan irəli gələrək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikın mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında Yusuf Məmmədəliyevin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, onun haqqında “Dünya elminə töhfələr verən alim”, “Dünya şöhrətli kimyaçı alim”, “Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz” kimi məqalələrin tam mətni təqdim edilir.
Elektron bazada görkəmli alimin müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Elektron topluda Yusuf Məmmədəliyevin Azərbaycan SSR Elmlər Akademiyasına rəhbərliyi dövrü haqqında da geniş məlumat təqdim edilir.
“Akademik Yusuf Məmmədəliyev – 120” adlı elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib.