Tarixdəki olaylar
1 sentyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul edib.
1 sentyabr 1939 – Faşist Almaniyası Polşaya hücum edib, İkinci Dünya müharibəsi başlanıb. Sentyabrın 3-də Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 70-dən çox ölkənin faktiki iştirak etdiyi və 6 il sürən müharibədə ümumilikdə 62 milyon insan həlak oldu.
1 sentyabr 1949 – Azərbaycan SSR-də icbari 7 illik təhsilə keçid başlanıb. Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü siniflər) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7 illik təhsilə keçid həyata keçirilməli idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı ləngitdi. 1959-cu ildə icbari 8 illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10 illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.
1 sentyabr 1992 – Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 sentyabr 1854 – Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck; 1854 – 27.9.1921) anadan olub.
1 sentyabr 1875 – Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs; 1875–1950) anadan olub. Tarzan haqqında romanların, “Marslılar” seriyasından elmi-fantastik əsərlərin müəllifidir.
1 sentyabr 1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900–1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.
1 sentyabr 1920 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub.
1 sentyabr 1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838–1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.
1 sentyabr 1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930–2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq-gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.
1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930–2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.
1 sentyabr 1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 – 16.6.1978) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.
1 sentyabr 1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.
1 sentyabr 1941 – Əməkdar mədəniyyət işçisi, şair, publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 – 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub.
1 sentyabr 1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 – 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.
1 sentyabr 1949 – Əməkdar artist Atabala Osman oğlu Səfərov (1949 – 20.12.2020) Şabran rayonunda doğulub. Musiqili Komediya, Gənc Tamaşaçılar Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
1 sentyabr 2009 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 – 2009) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
1 sentyabr 2023 – Azərbaycan rəqqaslıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar artist Aliyə Allahqulu qızı Ramazanova (7.2.1941 – 2023) vəfat edib.
Hazırladı: Vüqar Orxan