Avqustun 26-da Laçın Şəhəri Günü və şəhərdə keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yurd” qalereyasında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, Laçının qonaqları və sakinləri iştirak ediblər.

Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və başqa çıxış edənlər rəssama doğma yurdunda keçirilən sərgisi münasibətilə təbriklərini çatdırıblar. Qeyd olunub ki, sərgi təkcə bir incəsənət hadisəsi deyil, eyni zamanda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin və bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın təcəssümüdür.

Ekspozisiya ziyarətçilərə Laçının təbiətini, incəsənətini və ruhunu yaxından hiss etmək imkanı yaradır. Yusif Mirzənin əsərləri incəsənətin gücü ilə tariximizlə bu günümüz arasında bir körpü qurur.

Yusif Mirzə sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib, doğma torpaqda sərgisinin keçirilməsindən böyük fəxarət hissi duyduğunu vurğulayıb. “Burada həm işğal altında olan zaman təxəyyülümdə, xəyalımda canlandırdığım Laçın var, həm də azad olunduqdan sonra yenidən dirçələn Laçın”, - deyə o bildirib.

Qeyd edək ki, Yusif Mirzə 1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. 1981-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rəssamlıq fakültəsini bitirib. Bir müddət Laçın Xalq teatrında rəssam işləyib. Müxtəlif ölkələrdə sərgilərdə iştirak edib, əsərləri Azərbaycanda, eləcə də xaricdə şəxsi kolleksiyalarda yer alır.

Rəssamın Laçındakı “Yurd” qalereyasında sərgisi avqustun 29-dək davam edəcək.